Liposaksiya əməlyyatı nədir və kimlərə icra olunur?

Liposaksiya haqqında məlumat

Bu protokol liposaksiya (piy sovrulma) və lipofillinq (lipoqraftinq), yəni alınmış piy toxumalarının bədənin müxtəlif yerlərinə transfer olunması əməliyyatı zamanı baş verə biləcək risklər və alternativ müalicə üsulları ilə pasiyentləri tanış etmək üçün hazırlanmışdır. Burada qeyd olunanlarla bağlı əlavə hər hansı bir sual və ya anlamadığınız məqamlar varsa, mütləq həkiminizə bu barədə bildirməyiniz və məlumat almağınız məsləhətdir.

Liposaksiya nədir?

Liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdomenoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər. Bədən çəkisi normal və ya bir qədər artıq olub, bədənin müəyyən yerlərində artıq piy yığıntıları olan pasiyentlər əməliyyatın icrası üçün ideal sayılır. Dərinin elastik olması daha yaxşı bir nəticənin əldə edilməsi üçün vacibdir. Liposaskiya sellüliti aradan qaldırmır, əlavə prosedurlara ehtiyac duyulur. Əməliyyatdan sonra 3-4 həftə ərzində xüsusi kompression geyim geyinilməlidir.

Pasiyentlər əməliyyatdan öncə məlumat verməlidirlər:

  1. Keçirilmiş xəstəliklər, əməliyyatlar və ya hansısa bir problemin olmasını.
  2. Ümumi orqanizmin keçirtdiyi xəstəliklər, travmalar, əməliyyatlar, psixoloji durumun vəziyyəti.
  3. Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına), qəbul olunan dərman preparatları
  4. Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər.
  5. Zərərli adətlər (siqaret, alkohol və digər).

Lipospaksiya prosedurunun riskləri

Hər bir cərrahi əməliyyatda olduğu kimi liposaksiya da müxtəlif risk və fəsadların gözlənilə biləcəyi bir əməliyyatdır.

  • Pasiyent seçimi – dəri tonusu çox zəif, yanaşı tibbi problemləri olan, artıq çəki və liposaksiyanın verə bilməyəcəyi nəticələri tələb edən pasiyentlər bu əməliyyat üçün yararsız sayılır.
  • Qanaxma – nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrası yarana bilər, əməliyyatdan sonra olduğu hallarda cərrahi müdaxilə və qan köçürülməsi lazım ola bilər. Əməliyyatdan 10 gün əvvəl qan durulducu, qeyri steroid iltihab əleyhinə preparatların qəbulu dayandırılmalıdır.
  • İnfeksiya – çox nadir hallarda rast gəlinir. Olarsa, antibiotiklər ilə aradan qalxır, çox az hallarda cərrahi müdaxilə tələb oluna bilər.
  • Dəri hissiyyatında azalma – hissiyyatda azalma ola bilər. Demək olar ki, bütün hallarda sərbəst olaraq aradan qalxır. Olduqca az hallarda tam itməsi rast gəlinə bilər.
  • Çapıq – əməliyyat sonrası gözəl bir yara sağalması gözlənilsə də, dəridə və ya daha aşağı qatlarda anormal çapıq əlamətləri ola bilər. Belə hallarda əlavə müalicə və bəzən də cərrahi müdaxiləyə ehtiyac duyulur.
  • Dəridə olan nahamarlıq – liposaksiyadan sonra kontur əyrilikləri və nahamarlıqlar ola bilər. Dəridə gözlə görünən və əllə hiss edilən qırışlar yarana bilər. Belə halların profilaktikası üçün əksər hallarda əməliyyatdan bir müddət sonra xüsusi fizioterapevtik (kavitasiya, elektroferez, masaj və s.) təyin olunur. Onu da qeyd edək ki, bu proseslər bəzi cərrahlar tərəfindən mütləq şəkildə təyin olunur. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac olur.
  • Asimmetriya – liposaksiyadan sonra bədənin simmetrik görünümü olmaya bilər. Buna səbəb dəri tonusu, sümük çıxıntıları, əzələ tonusu, liposaksiyadan sonra yarana ödem və bərkimiş sahələrin qeyri-bərabər olması və geriyə sorulmanın da qeyri-bərabər getməsidir. Aparılan fizioterapevtik müalicələrlə zamanla bunlar adətən aradan qalxır, amma təkrar liposaksiyaya da ehtiyac ola bilər.
  • Ağciyər ağırlaşmaları – liposaksiya zamanı yağ damcılarının ağciyər damarlarını tıxaması (yağ emboliyası) və ya trombların hesabına yaranan emboliya olduqca çox nadir hallarda müşahidə olunur, bu vəziyyəti öncədən söyləmək mümkün deyil, bəzi hallarda isə ölümcül də ola bilər.
  • Dəri nekrozu – nadir hallarda rast gəlinir. Ultrasəs liposaskyalarında daha çox müşahidə olunur. Təkrari cərrahi mdaxilə tələb oluna bilər.
  • Seroma – liposaksiyadan sonra dəri altında nəzərə çarpmayacaq dərəcədə maye yığılması olur ki, bu da adətən heç bir iz qoymadan sorulur. Nadir hallarda isə daha çox yığılır ki, bu zaman təkrarı punksiyalara ehtiyac ola bilər.
  • Allergik reaksiyalar – çox nadir hallarda sarğılara, tikiş materiallarına, dərman preparatlarına qarşı yarana bilər. Bu zaman lazımi müalicələrin alınması tələb oluna bilər.
  • Uzun zaman nəticələri –  yaşlanma, çəki alma və ya azalma, hamiləlik, ümumi sistem xəstəliklərindən sonra dəyişikliklər yarana bilər.
  • Cərrahi anesteziya – həm yerli, həm də ümümi anesteziya ilə aparıla bilər ki, bunların da özünəməxsus riskləri vardır. Bəzi hallarda əməliyyatdan sonrakı nəticələr pasiyentlərin gözlədiyi kimi olmaya bilər. Bununla əlaqədar təkrar, korreksiyaedici əməliyyatlara ehtiyacın yaranması mümkündür.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.